2024-cü il 15 aprel tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə Tarix və Coğrafiya fakültəsində “Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” mövzusunda Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zakir Kərimovun mühazirə dərsi keçirilmişdir. Mühazirədə Azərbaycan tarixi və Ümumi tarix və TTT kafedrasının professor-müəllim heyəti, Tarix müəllimliyi ixtisasının 2101B və 2102B qrupunun tələbələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan tarixi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədova mövzunun aktuallığından, indiki Ermənistan adlanan ərazinin mərhələ-mərhələ Azərbaycan torpaqlarından qoparılaraq qondarma Ermənistan Respublikası yaradılmasından, Azərbaycan türklərinin bu ərazidəki izlərinin tarixdən silinməsi məqsədlərini güddüyündən bəhs etdi. Sonra mühazirə müəllimi Zakir Kərimov erkən orta əsrlər dövründən başlayaraq bu günədək Qərbi Azərbaycan ərazisinin tarixi-siyasi coğrafiyasından, əhalisindən və sərhədlərindən bəhs etdi. Mühazirəçi qeyd etdi ki, Ermənistan təkcə Azərbaycanın torpaqlarına deyil, eyni zamanda onun tarixinə, toponimlərinə təcavüz edib. Tədbir iştirakçıları ermənilər tərəfindən yayılan saxta informasiyalara cavab verilməsi üçün bu cür mühazirələrin silsilə şəklində keçirilməsinin vacibliyi və əhəmiyyətini vurğuladılar. Mühazirənin sonunda müzakirələr başlandı, sual-cavablarla dərs yekunlaşdı.