İyunun 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Qazi Universitetinin Təhsil fakültəsinin Coğrafiya təhsili departamentinin rəhbəri, professor Saleh Şahin ilə görüş keçirilib.
Görüşdə Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov, SABAH qrupları İcrayə Komitəsinin rəhbəri Elza Səmədova, ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Asif Axundov, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasının müdiri, dosent Oqtay Alxasov, Ümumi coğrafiya kafedrasının müdiri, professor Məhəmməd Abduyev və ADPU SABAH Mərkəzinin koordinatoru Lalə Mürsəlbəyova iştirak ediblər.
Görüşdə coğrafiya sahəsində mümkün əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparılıb və əməkdaşlığın qarşılıqlı faydalı olacağı vurğulanıb.
Daha sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, SABAH qrupları və Pedaqoji Universitetin birgə təşkilatçılığı ilə professor Saleh Şahin ADPU və BDU-nun coğrafiyaçı professor-müəllim heyəti və son tədris ilinin tələbələri üçün “Coğrafiya tədrisinin müasir texnologiyaları” mövzusunda praktiki təlim keçib.
Əvvəlcə, rektor Cəfər Cəfərov və SABAH qrupları İcrayə Komitəsinin rəhbəri Elza Səmədova qonağı iştirakçılara təqdim edib, bu tip təlimlərin önəmindən bəhs ediblər.
Təlimdə müasir dövrdə coğrafi təhsilin mahiyyəti, dərs prosesinin qurulması texnologiyaları və coğrafiya dərslərində texnoloji vasitələrin və yenilikçi öyrətmə üsulların tətbiqi məsələlərinə toxunulub.
İnteraktiv formatda keçən təlimdə fərqlənən iştirakçılara coğrafiyaya aid kitablar hədiyyə olunub. Yekunda prof. S.Şahinə ADPU rəhbərliyi adından təşəkkürnamə təqdim olunub.