30 aprel 2025-ci il tarixində ADPU-nun Fəlsəfə və sosial elmlər kafedrasında “Zərdüştliyin dünya fəlsəfi və ictimai fikrinə təsiri” mövzusunda elmi-nəzəri seminar keçirilmişdir. Seminarda kafedranın əməkdaşları, tələbələr, AMEA və digər ali məktəblərdən gələn qonaqlar iştirak etmişlər.
Seminarı giriş sözü ilə açan professor Rafail Əhmədli zərdüştiliyin xalqımızın milli-mənəvi həyatında və fəlsəfi fikir tarixində, eyni zamanda dünya fəlsəfi fikrinə təsiri haqqında qısa məlumat verdikdən sonra mövzu haqqında məruzə etmək üçün sözü kafedranın baş müəllimi Farzalı Rüstəmova verdi.
F.Rüstəmov çıxışında zərdüştiliyin yaranma dövrü, yeri və əhəmiyyəti haqqında geniş məlumat vermişdir. Zərdüştiliyin Antik dövr yunandan başlayaraq Qərb və Şərq filosoflarına, təsirlərini mənbələr əsasında şərh etmişdir.
Mövzu ətrafında dos. Anar Qafarov (Aİİ, Dinşünaslıq kafedrasının müdiri), dos. Qadir Səfərov (AMEA, Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi), prof.Əyyub Kərimov (ADPU), f.ü.f.d. Günel Qarayeva (ADU), Müəllim İdris Heydərli, Müəllim Rahilə Qurbanova (ADPU) çıxışlar edərək zərdüştiliyin mahiyyətindən, islam dini ilə müqayisəli təhlilindən və dünya fəlsəfi fikrinə təsirindən geniş bəhs etdilər. Sonda isə iştirakçılar və çıxışçıların mövzuya dair müzakirələri oldu.