Previous Next

Kopenhagen Universitet Kollecinin coğrafiyaçı alimləri ADPU-da

Mayın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Danimarkanın Kopenhagen Universitet Kollecinin (UCC) Coğrafiya departamentinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Universitetin rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Beynəlxalq layihələr və qrantlar şöbəsinin müdiri Mehparə Əhmədova, Təlim tədris mərkəzinin müdiri Xalidə Həmidova, Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasının müdiri dosent Oqtay Alxasov və kafedranın baş müəllimi Səmayə Həsənova, habelə UCC-nin Coğrafiya departamentinin dosentləri Peter Mikael Hansen, Klaus Bruun və Ph.d. Jesper Heidemann Langhoff iştirak ediblər. 

Görüş çərçivəsində UCC-nin Coğrafiya departamenti ilə ADPU-nun Tarix və coğrafiya fakültəsi arasında əməkdaşlıqdan razılıq ifadə olunub. Qeyd olunub ki, bir müddət öncə b/m. S.Həsənova da qarşılıqlı mübadilə əsasında UCC-də olmuş və mühazirələr oxumuşdur.

Görüşdən sonra qonaqlar ADPU-nun tədris şəraiti və Kitabxana-İnformasiya Mərkəzinin imkanları ilə tanış olublar.

“Erasmus+” beynəlxalq mübadilə proqramı çərçivəsində Pedaqoji Universitetin Tarix və coğrafiya fakültəsinin qonağı olan UCC-nin coğrafiya üzrə akademik heyətinin üzvləri 31 may – 04 iyun tarixləri aralığında ADPU-da coğrafiya müəllimi hazırlığı prosesi ilə tanış olacaq, habelə akademik, bakalavriat və magistrantlar üçün mühazirələr oxuyacaqlar. 

Proqram çərçivəsində nümayəndə heyətinin Azərbaycan coğrafiyası coğrafiyanın tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə ölkəmizin müvafiq tədqiqat müəssisələri maraqlı təbiət abidələri ilə tanışlığı nəzərdə tutulur.

 

Search