Previous Next

“Vicdan məfhumunun Nəsirəddin Tusinin əxlaq fəlsəfəsindəki yeri” mövzusunda növbəti elmi-nəzəri seminar keçirilmişdir

  30 may 2025-ci ildə ADPU-nun Fəlsəfə və sosial elmlər kafedrasında “Vicdan məfhumunun Nəsirəddin Tusinin əxlaq fəlsəfəsindəki yeri” mövzusunda növbəti elmi-nəzəri seminar keçirilmişdir.

Seminarı giriş sözü ilə açan kafedranın müdiri, professor Rafail Əhmədli əxlaq məfhumundan, onun mənəvi düşüncə sistemində yerindən, insan həyatındakı rolundan bəhs edərək böyük mütəfəkkirlərimizin o, cümlədən N.Tusinin bu sahədə fikirlərindən danışmış və məruzə üçün sözü Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdiri dos. Anar Qafarova vermişdir.

A.Qafarov Nəsirəddin Tusinin əxlaq fəlsəfəsində vicdan məfhumunun yerini və bu məfhuma alternativ terminləri izah etmək üçün, elmi metodoloji prinsiplərə əsasən əvvəlcə klassik lüğətlərdə, fəlsəfi və dini mətnlərdə vicdan məfhumunun ifadə etdiyi mənaları izah etdi. Daha sonra A.Qafarov Nəsirəddin Tusinin əxlaq fəlsəfəsinin xarakter etibarilə fəlsəfi, dini və təsəvvüfi istiqamətləri ehtiva etdiyini vurğulayaraq, vicdan məfhumunu qeyd edilən kontekstlərdə müzakirə obyektinə çevirdi. Bu mənada nəfs, ruh, fitrət, ağıl, hikmət, mühasibə, peşmanlıq, tövbə, ədalət, müraqibə və təqva məfhumlarından bəhs etdi və Nəsirəddin Tusinin əxlaq fəlsəfəsində vicdan məfhumunun yerini fəlsəfi, teoloji və təsəvvüfi aspektlərdən analiz etdi.

Məruzə ətrafında ADPU-nun Musiqi və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Laçın Həsənova AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi dos. Qadir Şərifov, tədqiqatçı İdris Heydərli, tədqiqatçı Fərzalı Rüstəmli, dos. Rəşad Əsgərov və digər müəllim və magistrantlar çıxışlar etmiş və müzakirələr aparmışlar.

Search