Previous Next

“Ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti tarixinə baxışı”

2023-cü il 16 mart tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya fakültəsi Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqi və təbliğində Ümummilli lider Heydər Əliyevin rolu” adlı elmi seminar keçrilmişdir.

Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan tarixi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədova Seminarı giriş sözü ilə açaraq Cümhuriyyətin yaranması və qısa müddətdə olsa da fəaliyyətinin Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyəti olmasından bəhs etdi. Elmi seminarda Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı verdiyi qərarlar, sərəncamlar, nitqlər və çıxışlarına yenidən nəzər salınmış və onların araşdırılması vacibliyi gündəmə gətirilmişdir. Sonra

AMEA-nın A.A Bakıxanov adına Tarix İnstitutu, “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin böyük elmi işçisi Aygün Əzimova “Ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti tarixinə baxışı” adlı məruzəsində Cümhuriyyət tarixinə qısa nəzər yetirərək görülən əhəmiyyətli işlərdən, onun Azərbaycanın dövlətçilik tarixindəki rolundan danışmış, həmçinin Heydər Əliyevin çıxışlarından Cümhuriyyətin tarixi ilə bağlı bəzi fikirləri də tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Turizm və Menecment Universiteti, İctimai fənlər kafedrasının dosenti, t.ü.f.d.İbrahim Əliyev “Müasir Azərbaycan dövlətçiliyi və Heydər Əliyev” adlı məruzəsində Azərbaycanın çoxəsrlik dövlətçilik tarixindən bəhs edərək 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının bu tarixin parlaq səhifələrindən biri olduğunu vurğulamışdır.

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, “Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov “Zaqafqaziya Seymi və onun sənədləri” adlı məruzəsində Seymin sənədləri əsasında bu dövrə əhatəli aydınlıq gətirmişdir. Sonda məruzəçi Zaqafqaziya Seyminin sənədləri ilə bağlı yazdığı kitabları Seminar iştirakçılarının diqqətinbə çatdırmışdır.

Məruzələrdən sonra müzakirələr başlandı, tələbələrin sualları məruzəçilər tərəfindən cavablandırıldı.

Search