ADPU Azərbaycan tarixi kafedrasının müdiri dos. Naibə Əhmədova və kafedranın müəllimi Sahibə Musayeva 25-26 oktyabr 2024-cu il tarixlərində Belarus Respublikasının Moqilev şəhərində keçirilən A.A. Qromıko adına II Beynəlxalq elmi-ekspert Forumunda iştirak ediblər. Forum Rusiya Dövlət Humanitar Universiteti (RDHU), Rusiya Elmlər Akademiyası, A.A. Qromıko adına xarici siyasət tədqiqatları Cəmiyyəti, Belarus -Rusiya universitetinin təşkilatçılığı ilə baş tutmuşdur. Forumda 8 ölkədən (Azərbaycan, Rusiya, Belarusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Ermənistan və Özbəkistan) aparıcı mütəxəssislər, tədqiqatçılar, alimlər iştirak etmişlər. Forum 5 bölmədən ibarət idi. Dosent Naibə Əhmədova "Azərbaycan-Belarusiya əlaqələri: tarix və müasir vəziyyət" məruzəsi ilə "Belarusiya və Rusiyanın, həmçinim digər MDB ölkələrinin elmi əlaqələri: bugün və sabah" adlı 4-cü bölmədə, Sahibə Musayeva isə "II Dünya müharibəsində Belarusiyanın faşist işğalçılarından azad edilməsində iştirak edən azərbaycanlılar: Belarusiyanın faşist işğalından azad olunmasının 80 illiyi" məruzəsi ilə "Belarusiya və Rusiya xalqlarının birgə tarixi və ümumi tarixi yaddaş: Belarusiya və ümumilikdə SSRİ-nin faşist işğalçılarından azad olmasının 80 illiyinə dair" adlı 3-cü bölmədə çıxış etmişlər. Beynəlxalq Forumun keçirilməsi Avrasiya məkanında dövlətlərarası humanitar əməkdaşlığın inkişafı istiqamətində mühüm mərhələdir. Forumun ikinci günü bölmələrin işinə yekun vuruldu və Moqilev şəhəri ilə daha yaxından tanış olmaq üçün tarixi yerlərə ekskursiya təşkil edildi.